İsraildə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunub
8 may, 2025
İsrailin Afula şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli azərbaycanlı alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən mərkəzin rəhbəri Yeganə Salman qonaqlara görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Yusif Məmmədəliyevin yüksək oktanlı aviasiya benzini ilə bağlı apardığı elmi tədqiqatların Sovet İttifaqının II Dünya Müharibəsindəki uğurlarına mühüm töhfə verdiyini bildirib. Onun ixtiralarının sovet təyyarələrinin sürət və güc baxımından faşist təyyarələrini geridə qoymasına səbəb olduğunu, müharibənin gedişatının dəyişdirilməsində həlledici rol oynadığını diqqətə çatdırıb. Yusif Məmmədəliyevin inkişaf etdirdiyi yanacaq növünün gələcək illərdə daha da təkmilləşdirilərək kosmik texnologiyada, xüsusilə ilk süni peykin orbitə buraxılması və ilk insanın kosmosa uçuşu kimi böyük nailiyyətlərdə istifadə olunduğunu vurğulayıb.
Elmi fəaliyyətinin və qazandığı uğurların, həmçinin Azərbaycanda kimya elminin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyi, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Bakının mərkəzində akademikin xatirəsinə abidə ucaldıldığı qeyd olunub.
Tədbirdə Yusif Məmmədəliyevin Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri, Bakı Dövlət Universitetinin rektoru, Kimya İnstitutunun direktoru kimi mühüm vəzifələrdə fəaliyyət göstərdiyi nəzərə çatdırılıb. Eyni zamanda, onun Dövlət mükafatı laureatı olması, çoxsaylı orden və medallarla təltif olunduğu xatırladılıb.
Foto qalereya
Digər xəbərlər