Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb
8 may, 2025
ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifi olduğu “Nəfəs” (“Breath”) qısametrajlı filmi Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında “Xüsusi Jüri Mükafatı”na layiq görülüb.
Türk dünyasının müxtəlif ölkələrindən gələn kino əsərlərini nümayişini təmin etdirmək, mədəni əlaqələri gücləndirmək məqsədi daşıyan festivalda ümumilikdə 80 ölkədən 1675 müraciət qəbul edilib. Azərbaycan festivala 32, Türkiyə 324, Qazaxıstan 17, Özbəkistan 13, Türkmənistan 10, Qırğızıstan isə 7 filmlə qatılıb. Türk dünyasının mədəniyyətinə töhfə verən filmlər 10 müxtəlif kateqoriya üzrə mükafatlarlandırılıb. Festival çərçivəsində 3 sərgi və 8 xüsusi tədbir də təşkil edilib.
“Nəfəs” filmi münsiflər heyətinin qərarı ilə insan ruhunun davamlılığı və yaddaşın gücü kimi dərin mövzulara poetik bir yanaşma göstərdiyi üçün xüsusi olaraq seçilib. Film Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.
3-6 may tarixlərində İzmirdə keçirilmiş festival haqqında ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:
https://turanfilmfestival.com/
Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəfəs” filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.
Foto qalereya
Digər xəbərlər