Xalça və kəlağayılarımız Budapeştdə böyük maraqla qarşılanıb
26 avqust, 2026
Azərbaycan Milli Xalça Muzeyi Macarıstanın paytaxtı Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında ölkəmizi təmsil edib. Muzey festivala Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Macarıstandakı Azərbaycan Evinin dəstəyi ilə qatılıb.
Festivalda qurulan Azərbaycan stendində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən xalçaçılıq və kəlağayı sənətimizin nadir nümunələri, eləcə də bu qədim sənət sahələrinin tarixi, inkişafı və ənənələrinə dair nəşrlər nümayiş etdirilib.
Qonaqlar üçün xalçatoxuma və kəlağayı sənəti üzrə keçirilən ustad dərsləri isə xüsusi maraq doğurub. İştirakçılar bu sənət nümunələrinin hazırlanma mərhələləri və ənənəvi üsullarını tanımaqla yanaşı, xalça və kəlağayı sənətində mühüm yer tutan naxış və rənglərin simvolik məzmunu, onların xalqımızın mədəni yaddaşında və ənənələrindəki yeri barədə geniş məlumat əldə ediblər.
Festival milli mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması, onun zəngin ənənələrinin daha geniş auditoriyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Foto qalereya
Digər xəbərlər
