“Sakartvelos Respublika” qəzeti azərbaycanlı və gürcü gəncləri bir araya gətirən düşərgədən yazıb
26 avqust, 2026
Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Gürcüstanın Qurcaani rayonunun Qaçreti qəsəbəsində “Gürcüstanlı gənclərin yeni tanışlıqları və xoş xatirələr” adlı Yay Düşərgəsi haqqında geniş məqalə dərc olunub.
Məqalədə düşərgə iştirakçılarının Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək onun xatirəsini ehtiramla yad etdikləri diqqətə çatdırılıb. Düşərgənin azərbaycanlı və gürcü gənclərin bir araya gəlməsinə, milli-mədəni dəyərlərin tanıdılmasına, dünyagörüşünün genişləndirilməsinə və yeni dostluq əlaqələrinin qurulmasına xidmət etdiyi vurğulanıb.
Nəşrdə açılış mərasimində səsləndirilən fikirlərə də yer verilib. Təşkilatçı Rafail Süleymanov gənclərin düşərgə müddətində yeni bilik və bacarıqlar əldə edəcəklərinə əminliyini ifadə edib. Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları bu cür layihələrin gənclərin milli kimliyinin, həmrəylik və birlik duyğularının möhkəmləndirilməsində əhəmiyyətini qeyd ediblər.
Məqalədə düşərgə çərçivəsində İsmixan Məmmədovun rəhbərliyi ilə komanda işi və birgə qərarvermə bacarıqlarının inkişafına yönəlmiş təlimin keçirildiyi, eləcə də intellektual oyunlar, maarifləndirici görüşlər və müxtəlif mədəni proqramların təşkil olunduğu bildirilib.
Foto qalereya
Digər xəbərlər
