Macarıstanda keçirilən Hun-Türk Qurultayı başa çatıb
16 avqust, 2024Macarıstanın Buğac şəhərində keçirilən dünyanın ən böyük Etno-festivalı hesab edilən Hun-Türk Qurultayı yekunlaşıb.
Azərbaycanın incəsənət və mədəniyyət xadimlərinin, ictimai fəalların iştirakı ilə keçirilən festival üç gün davam edib. 300 mindən çox insanın qatıldığı festivalda ilk dəfə Azərbaycan çadırı qurulub. Çadırda Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən Laçından olan Elnarə Rəsulovanın hazırladığı qədim xalçalarımıza və xalça sənətinə aid nümunələr sərgilənib, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizin təbliği böyük marağa səbəb olub. Aşıq Elməddin Məmmədlinin və Əməkdar artist Qoçaq Əskərovun böyük səhnədəki ifaları festival iştirakçılarının alqışları ilə qarşılanıb.
Qeyd edək ki, Qurultayda müstəqil türk dövlətləri ilə yanaşı, türk təşkilatları olan TÜRKPA, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı (TDT), Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyası təşkilatı və digər türk birlikləri aktiv iştirak ediblər. Qurultayda Azərbaycanı Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) təmsil edib.
Qeyd edək ki,Hun-Türk Qurultayı iki ildən bir təşkil olunmasında məqsəd türk xalqları və onların diaspor təşkilatları arasında birliyinin daha da möhkəmləndirilməsidir.
Foto qalereya
Digər xəbərlər