Ukraynada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

26 aprel, 2023

Ukraynada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Ukraynanın Kiyev vilayətində yerləşən Taras Şevçenko adına parkda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Ukrayna Azərbaycanlıları Radasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutan aksiyada ölkəmizin Ukranadakı səfirliyinin əməkdaşları, Azərbaycan Milli Məclisinin və Ukrayna Ali Radasının deputatları, yerli hakimiyyət orqanlarının nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti illərində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi üçün apardığı ekoloji siyasətə və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə göstərdiyi xüsusi diqqət və həssaslığı nəzərə çatdırmaq, Ukraynada ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə həyata keçirilən aksiya zamanı parkın ərazisində Sakura ağacları əkilib.

Sonra Ukrayna Azərbaycanlıları Radasının Kiyevdəki ofisində diaspor təşkilatlarının, fəallarının mövcud vəziyyəti və onların Ukrayna cəmiyyətinə inteqrasiyası məsələləri müzakirə edilib. Toplantıda diaspor fəalları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan Milli Məclisinin və Ukrayna Ali Radasının deputatları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov diasporumuzun mövcud vəziyyəti və görüləcək işlər barədə məlumat verib. Hazırkı şəraitdə soydaşlarımızın Ukrayna xalqı ilə birgə çalışaraq humanitar aksiyalarda fəal iştirak etdiyi, Ukrayna dövlətinin diasporumuzun fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Tədbir Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimovun diasporumuzun hədəfləri barədə məruzəsi ilə davam edib.

Toplantıda Milli Məclisin üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Rüfət Quliyev, millət vəkilləri Kamran Bayramov, Razi Nurullayev, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev və Ali Radada Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Volodimir Kreydenko çıxış ediblər.

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə, müasir dünyanın qlobal tələblərinə uyğun aparılan siyasi kursun son dövrlərdə diaspor hərəkatını, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsini daha da gücləndirdiyinə, xaricdəki Azərbaycan icmaları arasında əlaqələri möhkəmləndirdiyinə, haqq səsimizin dünyaya çatdırıldığına diqqət cəlb olunub.

Ukraynadakı diasporumuzu dünyada ən güclə diasporlardan biri adlandıran millət vəkilləri qeyd ediblər ki, Azərbaycan dövlətçiliyinin inkişafında xidmətlər göstərən soydaşlarımız Azərbaycan-Ukrayna  əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycan həqiqətləri ilə bağlı dürüst informasiyanın yayılması baxımından mühüm işlər görür, Ukraynanın ictimai-siyasi həyatında fəal rol oynayırlar.

 “Ukraynada yaşayan azərbaycanlılar cəmiyyətimizə uğurla inteqrasiya olunurlar. Buranı özlərinə ikinci vətəni sayırlar. Biz müharibə dönəmində də azərbaycanlıların, Azərbaycan diasporunun Ukraynaya sevgisinin şahidi oluruq”, - deyə Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Volodimir Kreydenko vurğulayıb.

Bir sıra təkliflərin səsləndirilməsi ilə yekunlaşan toplantıdan sonra Ramazan bayramı münasibətilə mərasim olub.   

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər