Nyu-Yorkdakı Türk Evində Xocalı soyqırımı qurbanlarının anım tədbiri keçirilib
28 fevral, 2024Nyu-York şəhərində fəaliyyət göstərən Türk Evində Xocalı soyqırımının qurbanlarına həsr olunmuş “Remembrance of Khojaly: A Tribute through Music and Art” adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Azərbaycan Təşkilatları Alyansı və “Mənim yolum” (My Way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür, diplomatik korpusun təmsilçiləri, yəhudi və digər dost icmaların üzvləri, Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Tədbirin aparıcısı, azərbaycanlı tələbə Leyla Aslanova erməni terrorçularının Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi Xocalı soyqırımı haqqında geniş məlumat verib.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Yaşar Əliyev 26 fevralın xalqımızın tarixində ən kədərli günlərdən olduğunu qeyd edib.
Diasporla İş üzrə Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalının işğaldan azad edilməsindən sonra faciəni törədən cinayətkarların cəzalandırılacağına inamın artdığını, şəhərin bərpadan sonra yenidən azərbaycanlıların isti nəfəsi ilə canlanacağına ümid etdiyini bildirib.
Azərbaycanın ABŞ-dəki səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova Xocalı soyqırımının müasir dövrün ən ağır cinayətləri və soyqırımları ilə yanaşı durduğunu, ədalətin bərqərar olmasının xalqımız üçün çox mühüm olduğunu vurğulayıb.
Amerika Azərbaycan Təşkilatları Alyansının rəhbəri Minəvvər Vahabova həmvətənlərimizin faciə ilə bağlı davamlı məlumatlandırma apardığını, faciə qurbanlarının, xüsusilə uşaqlara qarşı tətbiq edilən vəhşiliklərin heç bir insanlığa sığmadığını bildirib.
Tədbirdə ELTV media qrupunun “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ilə birgə hazırladığı və Xocalı soyqırımına həsr edilmiş “History of Azerbaijan” qısametrajlı filmi nümayiş etdirilib.
Tədbirin bədii hissəsində ABŞ-də yaşayan soydaşımız, Drezden Simfonik Orkestrının solisti və Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseyn “Xocalı soyqrımı şəhidlərinin xatirəsinə ithaf” adlı konsert proqramı ilə çıxış edib. Sənətçi Azərbaycan və klassik bəstəkarların (Albinoninin "Adagio", Erik Satin "Ginossienne", Fikrət Əmirovun "Mən səni araram", Tofiq Quliyevin "Qəmgin mahnı", Asəf Zeynallının "Ölkəm" romansı, "Ay Laçın" xalq mahnısı, Fərhad Bədəlbəylinin “Ave Maria”) əsərlərini ifa edib.
Tədbir çərçivəsində ABŞ-də yaşayan azərbaycanlı incəsənət xadimləri-rəssam Çingiz Mahir Musayevin "Xocalı kompozisiyası" adlı dörd əsəri və heykəltəraş-rəssam, “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin müəllimi Emin Quliyevin Xocalı qurbanlarına həsr edilmiş heykəli nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər