Qarayazının matriarxı – Pərixanım Sofiyeva

13 mart, 2025

Qarayazının matriarxı – Pərixanım Sofiyeva

Diasporla İş üzrə Dövlət Komitəsinin  dəstəyi və  “Alyans” Gənclər Mərkəzinin “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində “Qarayazının matriarxı – Pərixanım Sofiyeva” adlı məqalə dərc olunub.

Məqalə İrakli Xvadaqianinin müəllifliyi ilə Gürcüstan Milli Arxivinin tarixi materialları əsasında hazırlanıb.

Pərixanım Sofiyeva 1918-ci ildə Gürcüstanda deputat seçilən ilk müsəlman qadın olub. O, nüfuzlu Sofiyevlər ailəsinin üçüncü qızı olub və gənc yaşlarından yaşadığı kəndin və rayonun liderinə çevrilib. Cəmiyyətin ağsaqqalları belə onun məsləhətlərinə qulaq asıb, kənd təsərrüfatı və sosial məsələlərdə ona müraciət ediblər. Hətta ona “Kişi Pəri” ləqəbi qoyulub.

1918-ci ildə Gürcüstanın Qarayazı rayonunda keçirilən seçkilərdə güclü partiya namizədlərini məğlub edərək deputat seçilib. Lakin 1921-ci ildə sovet işğalından sonra yerli özünüidarəetmə orqanları ləğv edilib, ailəsinin mülkləri müsadirə olunub. 1937-38-ci illərdə Stalinin "Böyük təmizləmə" kampaniyası zamanı onun 5 qardaşı repressiyaya uğrayıb. Pərixanım ömrünün son illərini qardaşlarının yetim qalan övladlarına baxmaqla keçirib və 1953-cü ildə dünyasını dəyişib.

Xatirəsi Gürcüstanda indi də yaşayır, yaşlı nəsil onun adını hələ də xatırlayır. Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib. Layihə çərçivəsində şuranın binası qarşısında, Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynamış ictimai xadimlərin adları olan xatirə lövhələri vurulub. Bu lövhələrdən biri Pərixanım Sofiyevanın adını daşıyır. Gürcüstanın Mərkəzi Seçki Komissiyası və Tbilisi Dövlət Universiteti onun haqqında kitab nəşr etdirib. 2018-ci ildə isə məzarı abadlaşdırılıb və qəbirüstü abidəsi qoyulub.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://archive.ge/ka/blog/9

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər