Türkiyənin Turqutlu şəhərində Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub

2 iyun, 2025

Türkiyənin Turqutlu şəhərində Müstəqillik Günü münasibətilə tədbir təşkil olunub

28 May – Azərbaycanın Müstəqillik Günü Türkiyənin Manisa vilayətinin Turqutlu şəhərində qeyd olunub.

Turqutlu Azərbaycan Kültür Dərnəyi tərəfindən təşkil olunan tədbirdə Turqutlu Bələdiyyəsinin başqanı Çətin Akın, başqan müavinləri Hüseyn Maliz və Ali Rza Kıran, yerli özünüidarəetmə strukturlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, eləcə də şəhərdə məskunlaşmış soydaşlarımız iştirak ediblər.

Turqutlu Azərbaycan Kültür Dərnəyinin rəhbəri Ünal Kağba 28 May tarixinin Azərbaycan xalqı üçün əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti ərzində gördüyü işlərdən bəhs edib.

Turqutlu Bələdiyyə başqanı Çətin Akın Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkərək, bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. “Dost və qardaş ölkəmiz Azərbaycanın quruluş ildönümünü təbrik edir, soydaşlarımıza barış, dostluq və qardaşlıq içində xoşbəxt günlər arzulayıram,”-deyə o bildirib.

Tədbir iştirakçılarına Azərbaycan milli mətbəxinə xas təamlar təqdim olunub, vətənpərvərlik ruhunu əks etdirən musiqilər səsləndirilib və Müstəqillik Gününün tarixi əhəmiyyəti ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Azərbaycan diaspor təşkilatlarının bu kimi tədbirləri xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəyliyin və mədəni kimliyin qorunmasına, Azərbaycan həqiqətlərinin və müstəqillik ideallarının geniş auditoriyalara çatdırılmasına xidmət edir. Eyni zamanda, belə təşəbbüslər Azərbaycan–Türkiyə münasibətlərinin ictimai və yerli idarəetmə səviyyəsində də daha da möhkəmlənməsinə töhfə verir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər