İngiltərənin St. Albans şəhərində 28 May – Müstəqillik Günü qeyd olunub
3 iyun, 2025
Böyük Britaniyada yaşayan soydaşımız Aqşin Kərimovun təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İngiltərənin St. Albans (Saint Albans) şəhərində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Tədbirə yerli rəsmi şəxslər, Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Azərbaycan və türk icmasının üzvləri qatılıb.
Hertsmere rayon meri Alpha Collins (Alfa Kolins) çıxışında illər öncə Azərbaycanda olduğunu bildirib və ölkəmizlə bağlı xatirələrini bölüşüb.
İştirakçıların Azərbaycanın müstəqilliyinin bərpası və tarixi əhəmiyyəti ilə bağlı çıxışları dinlənilib, milli musiqilərimiz səsləndirilib və əcnəbi qonaqlara ölkəmizin mədəniyyəti barədə məlumat verilib. Həmçinin icma üzvləri və yerli ictimaiyyət nümayəndələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.
Bədii hissədə beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, pianoçu Vüsalə Babayeva bəstəkar Sevda Məmmədlinin “Azərbaycan naxışları” əsərini ifa edib.
Sonda komitə əməkdaşı Ləman Əliyeva Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin adından mer Alfa Kolinsə Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, bu cür təşəbbüslər xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunması və Azərbaycanın beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Foto qalereya
Digər xəbərlər