Tbilisidə Azərbaycan və Gürcüstanın Müstəqillik günləri münasibətilə tədbir keçirilib
3 iyun, 2025
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində 26 May – Gürcüstanın və 28 May – Azərbaycanın Müstəqillik günləri münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdən öncə mərkəzin rəhbərliyi, müəllim və müdavimləri Tbilisidə Heydər Əliyev adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.
“Alyans” Gənclər Mərkəzində davam edən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəşad Məmmədov Azərbaycan və gürcü xalqlarının tarixi dostluğundan söhbət açıb. O, Azərbaycanın 1991-ci ildə yenidən qazandığı müstəqilliyin qorunub saxlanmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan bəhs edib.
Mərkəzin icraçı direktoru Rəna Hüseynova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında və Gürcüstanla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindəki müstəsna xidmətlərindən söz açıb.
Tədbir çərçivəsində Azərbaycan istehsalı məhsulların təqdim olunduğu guşə, eləcə də ölkənin tarixi və füsunkar təbiətini əks etdirən rəsm əsərləri, həmçinin “Alyans” Gənclər Mərkəzinin tələbə və şagirdlərinin əl işləri sərgilənib.
Sonda mərkəzin yetirmələri Müstəqillik Gününə haqqında şeirlər səsləndiriblər.
Foto qalereya
Digər xəbərlər