İstanbulda Azərbaycan-Türkiyə Müqayisəli Hüquq Simpoziumu keçirilib
3 iyun, 2025
Türkiyənin İstanbul şəhərində “Konstitusiya və Suverenlik İli” və 28 May – Müstəqillik Günü münasibətilə “Konstitusiya – Suverenlik – Ərazi Bütövlüyü” mövzusunda Azərbaycan-Türkiyə Müqayisəli Hüquq Simpoziumu keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Yeditepe Universitetinin Hüquq fakültəsinin və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə tərəfdaşlığı ilə keçirilən simpozium iki qardaş ölkənin hüquq sahəsində strateji əməkdaşlığının möhkəmləndirilməsi məqsədi daşıyıb.
Yeditepe Universitetinin konfrans salonunda təşkil edilən tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbiri açıq elan edən Yeditepe Universitetinin Hüquq fakültəsinin dekanı, professor Yener Ünver simpozium iştirakçılarını salamlayaraq, tədbirin əsas məqsədlərinə toxunub.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəri Ədalət Turan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi və ideoloji mirasının müasir dövrdə milli birliyin, suverenliyin və hüquqi ədalətin qorunmasındakı əhəmiyyətindən danışıb.
Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev konfransın təşkilinə görə Yeditepe Universitetinin rəhbərliyinə təşəkkür edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatı nəticəsində suverenliyimizin təmin edildiyini, Azərbaycan Konstitusiyasının artıq bütün ölkə ərazisində keçərli olduğunu vurğulayıb.
Simpozium öz işini panel iclaslarla davam etdirib. Yeditepe Universitetinin professoru Oktay Uygunun moderatorluğu ilə baş tutan I paneldə Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Azərbaycanın Konstitusiya quruluşunu milli dövlətçilik ənənələri əsasında təhlil edib. Ankara Universitetinin dosenti Bülənt Alqan isə Türkiyə konstitusiyasında demokratik hüquqi dövlət prinsiplərinin inkişaf perspektivlərindən danışıb.
“Dövlətin Suverenlik Hüquqları” mövzusuna həsr olunan II panelin moderatoru Yeditepe Universitetinin professoru Mehmet Rıfat Tınç olub. Azərbaycan Milli Məclisinin deputatı Sabir Hacıyev ölkəmizin suveren hüquqlarının beynəlxalq hüquq çərçivəsində müdafiəsi məsələlərini təqdim edib, professor Oktay Uygun isə Türkiyə Respublikasının hüquqi suverenliyinin konstitusion əsaslarını şərh edib.
Yeditepe Universitetindən professor Mesut Hakkı Caşın moderatorluğu ilə “Ərazi bütövlüyü və beynəlxalq hüquqi müdafiə alətləri” mövzusunda təşkil olunan III paneldə Ankara Universitetinin professoru Cavid Abdullazadə Qarabağ münaqişəsindən sonra beynəlxalq hüququn yeni çağırışlarının təhlilini aparıb. Karabük Universitetinin professoru Əli Əsgər isə türk dünyasında ərazi bütövlüyünün hüquqi aspektlərinə dair məruzə ilə çıxış edib.
İnteraktiv keçən hər üç paneldə hüquqşünas alimlər, tələbələr və ictimaiyyət nümayəndələri sual-cavab sessiyalarında iştirak edib, iki ölkə arasında hüquqi təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Simpozium Azərbaycanın Əməkdar artisti, pianoçu, dirijor və bəstəkar Turan Manafzadənin ifasında milli və klassik musiqi proqramı ilə başa çatıb.
Foto qalereya
Digər xəbərlər