London Universitet Kollecində 28 May – Müstəqillik Günü münasibətilə breyn rinq keçirilib

3 iyun, 2025

London Universitet Kollecində 28 May – Müstəqillik Günü münasibətilə breyn rinq keçirilib

Böyük Britaniyanın London Universitet Kollecində (University College London – UCL) 28 May – Müstəqillik Gününə həsr olunan breyn rinq keçirilib.

Yarış İngiltərədəki azərbaycanlı tələbələr Aydan Poladova (London İmperial Kolleci – Imperial College London), Murad Abdulkərim (London Universitet Kolleci – University College London) və Müjgan Bayramovanın (London Şahzadə Meri Universiteti – Queen Mary University) təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunan təqdimatla başlayıb. Ölkəmizin tarixində mühüm yer tutan mərhələlər – 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və müasir müstəqillik dövrü barədə iştirakçılara ətraflı məlumat verilib. Azərbaycanın müstəqillik tarixi və bu prosesin beynəlxalq əhəmiyyəti tədbirə qatılan xarici tələbələrə ətraflı izah olunub.

Daha sonra London İmperial Kollecinin tələbəsi Aydan Poladovanın moderatorluğu ilə breyn rinq yarışı keçirilib. Müxtəlif universitetlərdə təhsil alan tələbələr milli tariximiz, mədəniyyətimiz və dünyagörüşü ilə bağlı suallar ətrafında biliklərini sınayıblar. Təxminən 30 nəfərin iştirak etdiyi yarışda komandalar arasında maraqlı və gərgin mübarizə gedib.

Qaliblər xüsusi mükafatlara layiq görülüb. Digər iştirakçılara isə kəlağayı və milli suvenirlər təqdim olunub.

Qeyd edək ki, bu cür tədbirlər xaricdə təhsil alan azərbaycanlı gənclərin milli dəyərlərimizin təbliğinə və Azərbaycanın beynəlxalq tələbə auditoriyasında tanıdılmasına verdiyi dəyərli töhfələrdən biri kimi qiymətləndirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər