TİKA nümayəndə heyəti Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub

27 avqust, 2026

TİKA nümayəndə heyəti Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı İnkişaf Elçiləri proqramı çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Bolnisi şəhərində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzini ziyarət edib.

Səfər çərçivəsində qonaqlar qurumun fəaliyyəti ilə tanış olub, həyata keçirilən layihələr və müxtəlif istiqamətlər üzrə görülən işlər barədə məlumat alıblar.

Görüşün əvvəlində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov mərkəzin fəaliyyəti haqqında məlumat verib. 2021-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyətə başlayan mərkəzdə müxtəlif dil kursları, təlimlər, maarifləndirici görüşlər, eləcə də gənclərin təhsil və inkişafına yönəlmiş layihələr həyata keçirildiyi diqqətə çatdırılıb.

Çıxış zamanı TİKA-nın Gürcüstan nümayəndəliyi ilə 2023-cü ildən etibarən davam edən əməkdaşlığın nəticələrinə də toxunulub. Agentliyin dəstəyi ilə mərkəzin maddi-texniki bazasının yenilənməsinə töhfə verildiyi, bu dəstəyin burada təhsil alan gənclər üçün daha əlverişli şəraitin yaradılmasına imkan verdiyi vurğulanıb.

TİKA-nın Gürcüstan üzrə koordinatoru Salih Özer agentliyin ölkədə həyata keçirdiyi layihələr və müxtəlif sahələrdə görülən işlər barədə məlumat verib.

Görüşdə iştirak edən ziyalılar və digər qonaqlar TİKA-nın Bolnisidə həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər. Professor Şürəddin Məmmədli müəllifi olduğu kitabları qonaqlara təqdim edib və yaradıcılığı barədə danışıb.

Proqramın bədii hissəsində Aşıq Samir ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qonaqlar, həmçinin Leyla Məmmədəlizadənin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Səfər zamanı Bolnisidəki gənc idmançılarla da görüş keçirilib. Nümayəndə heyəti onların fəaliyyəti və müxtəlif yarışlarda qazandıqları nailiyyətlərlə maraqlanıb, əldə olunan nəticələri yüksək qiymətləndirərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səfərin sonunda qonaqlar Bolnisinin tarixi küçələri və bir sıra mədəni-tarixi məkanları ilə tanış olublar. Onlara şəhərin tarixi, mədəni irsi və özünəməxsus xüsusiyyətləri barədə məlumat verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər