Almaniyada yaşayan Azərbaycan icması bu ölkənin xarici işlər nazirinə müraciət edib

21 sentyabr, 2023

Almaniyada yaşayan Azərbaycan icması bu ölkənin xarici işlər nazirinə müraciət edib

Almaniyada yaşayan Azərbaycan icması ölkəmizin Qarabağ iqtisadi rayonunda aparılmış lokal antiterror tədbirlərinin bəzi alman KİV-də birtərəfli və qərəzli işıqlandırılmasına etirazını bildirib.  

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Reyn-Ziq bölgəsinin klinika direktoru, tibb elmləri doktoru Nuran Abdullayev jurnalist kodeksi ilə bir araya sığmayan yolverilməz durumla əlaqədar Almaniyanın xarici işlər naziri Annalena Berbok və Almaniya XİN-in dövlət katibi Andreas Mixaelisə müraciət edib.

Müraciətdə bildirilib ki, faktlar və dəqiq araşdırmalar əsasında dürüst və balanslı xəbərlər yayan medianın ictimai rəyin formalaşmasında, dialoqun təşviqində, söz azadlığının, demokratiyanın inkişafında rolu danılmazdır. Lakin bəzi hallarda alman mətbuatında uydurma və qərəzli məlumatların dərc olunması, xüsusilə də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda yerli antiterror tədbirləri kimi həssas mövzularla bağlı birtərəfli reportajların yayımlanması yanlış və əsasssız fikirlər yarada, Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir edə bilər. Almaniyanın vətəndaş cəmiyyətinə inteqrasiya etmiş Azərbaycan icmasının, eləcə də nüfuz sahibi olan tanınmış şəxsləri öz sıralarında birləşdirən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti kimi ictimai birliklərin belə mənfi halların yaranmasında maraqlı olmadığı vurğulanıb: “Almaniya mediasında gedən birtərəfli, həqiqəti əks etdirməyən fikirlərə görə çox təəssüf edirik”.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı lokal antiterror tədbirlərə gətirib çıxaran səbəblərə diqqəti cəlb edən cəmiyyət sədri alman mətbuatının balanslaşdırılmış və hərtərəfli araşdırılmış reportajlar hazırlamasına, oxucuların və izləyicilərin mediaya inamının bərpa olunmasına ehtiyacın yarandığını nəzərə çatdırıb. 

Cəmiyyət sədri Almaniya XİN rəhbərliyini Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün və sabitliyin bərpa olunması naminə Ermənistana güclü təzyiq göstərməyə və qətiyyətli addımlar atmağa, Almaniya mətbuatının həqiqəti işıqlandırması naminə rəhbərlik etdiyi dövlət qurumunun beynəlxalq hüquqa uyğun mövqeyini açıqlamağa çağırıb: “Regionda sülh və sabitliyin bərqərar olmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət və separatçı rejimin ləğvidir”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər