Şuşadan Kütahyaya Zəfərin səsi: Azərbaycanın Zəfəri
13 noyabr, 2026
Türkiyənin Kütahya şəhərində “Şuşadan Kütahyaya Zəfərin Səsi: Azərbaycanın Zəfəri” adlı mədəni-maarifləndirici tədbir keçirilib.
Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyi ilə Dumlupınar Universitetinin Xarıbülbül Mədəniyyət Tələbə Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə yerli jurnalistlər, ictimai təşkilatların nümayəndələri və şəhər sakinləri iştirak edib.
Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov, Dumlupınar Universitetinin müəllimi Mehmet Bozaslan, dərnəyin sədr müavini Samir Xudaverdiyev və Xarıbülbül Mədəniyyət Tələbə Birliyinin sədri Ozan Rza Özgüden çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin, torpaqlarımızın işğaldan azad edilməsinin və bu Qələbənin Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıblar.
Çıxışlarda Qarabağın azadlığa qovuşmasının xalqımız üçün tarixi və mənəvi önəmi, Şuşanın zəngin tarixi-mədəni irsi, milli mübarizə ruhu, eləcə də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı xüsusi vurğulanıb. Qeyd olunub ki, Zəfər təkcə hərbi uğur deyil, həm də milli birlik və həmrəyliyin, Vətən sevgisinin və müstəqillik iradəsinin təntənəsidir.
Tədbir çərçivəsində Vətən müharibəsini əks etdirən fotoşəkillər və tarixi materiallardan ibarət sərgi də nümayiş olunub.
Tədbir Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəniyyət və milli-mənəvi dəyərlər əsasında daha da möhkəmləndirilməsinin vacibliyinin vurğulanması ilə başa çatıb.
Foto qalereya
Digər xəbərlər
