Stokholmda Zəfər Gününə həsr olunan musiqili tədbir keçirilib
2 noyabr, 2026
İsveç Krallığının paytaxtı Stokholmda Azərbaycanın şanlı Zəfərinə həsr olunan ”Zəfərin sədaları” adlı musiqili tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin və İsveç Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Sevda Dadaşovanın dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) və İsveçdə yaşayan soydaşımız, pianoçu və musiqi pedaqoqu Aynur Məlikovanın təşkilatçılığı və təşəbbüsü ilə baş tutub.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Stokholm üzrə nümayəndəsi Ayda Əmir Haşiminin moderatorluğu ilə keçirilən tədbirdə İsveçdəki müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, İsveçin müxtəlif şəhərlərində yaşayan Azərbaycan diasporunun nümayəndələri, eləcə də klassik musiqi həvəskarları iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Zəfərin Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. Vətən müharibəsi dövründə İsveçdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinə diqqət çəkərək, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında diasporun rolundan danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin dünya azərbaycanlıları üçün böyük fəxr və qürur mənbəyi olduğunu bildirib. Belə tədbirlərin Azərbaycanın tarixinin və ənənələrinin tanıdılması, ana dilimizin, mədəniyyətimizin və milli kimliyimizin qorunub yaşadılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir Zəfər Gününə həsr olunan zəngin musiqi proqramı ilə davam edib.
Konsert proqramında pianoçu Aynur Məlikovanın, isveçli fleyta ifaçısı Katrin Sponberqin, yaponiyalı pianoçu Naomi Yamomotonun, türkiyəli skripkaçı Ekim Kuzukıranın və Avstriyadan dəvət olunan mezzo-soprano Çinarə Əzimovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri qonaqların zövqünü oxşayıb.
Konsertdə görkəmli bəstəkarlar Fikrət Əmirovun “Min bir gecə” baletindən bir parça və “Sevgi rəqsi”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Adajio”, Arif Məlikovun “Komdenin arzuları”, Üzeyir Hacıbəylinin “Arazbarı”, Niyazinin Azərbaycan əsərləri, eləcə də Cakomo Puççininin, Frederik Şopenin və Edvard Qriqin bəstələri səsləndirilib. Musiqi nömrələri dinləyicilərə unudulmaz anlar yaşadıb, sürəkli alqışlarla qarşılanıb.
Foto qalereya
Digər xəbərlər
