Oslo və Stavangerdə Azərbaycanın Zəfər Günü təntənəli şəkildə qeyd olunub
2 noyabr, 2026
Norveç Krallığının Oslo və Stavanger şəhərlərində Azərbaycanın şanlı Zəfərinə həsr olunan musiqili tədbirlər keçirilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.
Oslo Azərbaycan Evinin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) rəhbəri Ramil Əliyev tədbirlərin hər birində Zəfər Gününün xalqımızın tarixindəki mühüm yerindən, onun milli və mənəvi dəyərlərindən bəhs edib. O bildirib ki, 8 Noyabr təkcə hərbi qələbənin deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, Vətən sevgisinin və sarsılmaz birliyinin təntənəsidir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov hər iki tədbirdə çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb. Bu əlamətdar gün münasibətilə Norveçdə yaşayan soydaşlarımızı təbrik edib, onlara xoş arzularını çatdırıb.
Çıxışlar zamanı qeyd olunub ki, bu ilki tədbirlər Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) yaradılmasının 20 illik yubileyi ərəfəsində keçirilib. Bu əlamətdar yubiley münasibətilə təşkilatın gördüyü işlər yüksək qiymətləndirilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Norveç Türk Dərnəkləri Federasiyasının sədri Nizaməttin Demirezin, eləcə də federasiyanın İdarə Heyətinin üzvlərinin iştirakı Azərbaycan və türk icmaları arasında dostluq və həmrəyliyin ifadəsi kimi diqqət çəkib.
Hər iki tədbirin bədii proqramı Azərbaycan musiqisinin zənginliyini nümayiş etdirən rəngarəng ifalarla yadda qalıb. Tanınmış muğam ifaçısı İlkin Dövlətovun və V Muğam Televiziya Müsabiqəsinin qalibi Nisbət Sədrayevanın çıxışları böyük maraqla qarşılanıb.
Proqramda əslən Xankəndidən olan və hazırda Norveçdə yaşayan musiqiçi Arzu Rzayevanın bəstələdiyi “Xankəndi”, “Gözlərim danışır” əsərlərinin səsləndirilməsi sürəkli alqışlara səbəb olub. Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin şagirdlərinin çıxışları isə proqramı daha da zənginləşdirib.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Azərbaycanın diaspor təşkilatları 8 Noyabr - Zəfər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər və konsert proqramları təşkil edirlər.
Foto qalereya
Digər xəbərlər
