Şimali Kiprdə "Ulu Öndər Heydər Əliyev: Keçmişdən gələcəyə liderlik və vizyon" adlı konfrans keçirilib
12 may, 2025.jpeg)
Şimali Kipr Türk Respublikasında (ŞKTR) "Ulu Öndər Heydər Əliyev: Keçmişdən gələcəyə liderlik və vizyon" adlı konfrans keçirilib.
Heydər Əliyevin 102-ci doğum gününə həsr olunan konfrans ŞKTR-də fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzi və Lefke Avropa Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmaq və nümunəvi həyat yolunun gənclərə aşılamaq məqsədilə hər il təşkil olunan konfransa bu il 500-dən çox universitet tələbəsi qatılıb. Lefke Avropa Universitetinin Hüquq fakültəsinin Konqres Mərkəzində baş tutan tədbirin açılış nitqində Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan, onun ŞKTR-ə olan diqqət və qayğısından bəhs edib.
Heydər Əliyevi türk dünyasının ən böyük liderlərindən biri adlandıran ŞKTR Prezidenti Ersin Tatar Azərbaycanla münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirib, Şimali Kiprin ədalətli mövqeyinə Prezident İlham Əliyevin dəstəyini xüsusilə əhəmiyyətli adlandırıb: "ŞKTR türk dünyasının Aralıq dənizindəki pəncərəsidir. Biz türk dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafına hazırıq".
Milli Məclisin deputatları Razi Nurullayev və Vüqar Rəhimzadə Ümummilli Liderin Azərbaycanın dövlət quruculuğu və inkişafındakı tarixi rolundan söz açıblar.
Daha sonra çıxış edən ŞKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı Azərbaycanı türk dünyasının parlaq ulduzu adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın uğurlarının əsası Heydər Əliyevin strateji baxışı və uzaqgörən addımları ilə qoyulub.
Lefke Avropa Universitetinin rektoru, professor Mehmet Ali Yükselen də Azərbaycanın Ümummilli Liderinin irsinin əhəmiyyətindən danışıb, Heydər Əliyevi türk dünyası tarixində dərin iz qoymuş lider adlandırıb. "Heydər Əliyev həyatını xalqına həsr edib. Onun baxışı, qətiyyəti və zəkası bütün dünya üçün nümunədir,”-deyə o bildirib.
Foto qalereya
Digər xəbərlər