Samsunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

16 noyabr, 2026

Samsunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

Türkiyənin Samsun şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunan tədbir keçirilib. Qaradeniz Azərbaycan Türkləri və Türksoylular Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dərnəyin sədri dr. Məsudə Vəliyeva Altun, idarə heyətinin üzvləri, dərnək təmsilçiləri və çoxsaylı qonaqlar iştirak ediblər.

Proqram Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, eləcə də şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dərnəyin sədri çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən, xalqımızın nümayiş etdirdiyi milli birlik və qələbə əzmindən danışıb. O, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin Zəfərin mühüm mərhələlərindən biri olduğunu vurğulayıb, bu tarixi qələbəni Azərbaycan xalqının iradəsinin, həmrəyliyinin və Vətən sevgisinin təcəssümü kimi dəyərləndirib.

Şəhidlərimizin xatirəsini ehtiramla anan Məsudə Vəliyeva Altun Türkiyənin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi mənəvi dəstəyin iki ölkə arasındakı qardaşlığın bariz nümunəsi olduğunu qeyd edib. O həmçinin 9 Noyabr – Dövlət Bayrağı Gününün xalqımız üçün qürur və fəxarət mənbəyi olduğunu diqqətə çatdırıb.

Tədbir bədii proqramla davam edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər