Nyu-Yorkda “Qanlı Qərənfillər” sənədli filmi nümayiş etdirilib

23 yanvar, 2024

Nyu-Yorkda “Qanlı Qərənfillər” sənədli filmi nümayiş etdirilib

ABŞ-nin Nyu-York şəhərində azərbaycanlı rejissor Azim Sadıqovun 20 Yanvar hadisələrini əks etdirən “Bloody Carnations” (“Qanlı Qərənfillər”) sənədli filmi nümayiş olunub.

Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, diaspor təşkilatlarının, türk icmasının təmsilçiləri, Nyu-York, o cümlədən ətraf şəhər və ştatlarda yaşayan həmvətənlərimiz iştirak ediblər.

Öncə Azərbaycanın və ABŞ-nin Dövlət himnləri səsləndirilib və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, Dünya və Avropa çempionu Elgün Xanoğlanlı bildirib ki, 20 Yanvar hadisələri həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü kimi Azərbaycan tarixinə həkk olunub.

Tədbirdə çıxış edənlər qanlı qırğının Azərbaycan tarixində və bütövlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlıqla seçildiyi, üzərindən 34 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymətin verilmədiyi, bu cinayəti törədənlərin cəzalandırılmadığı diqqətə çatdırılıb. Qeyd edilib ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlı gənclər 20 Yanvar faciəsini heç vaxt unutdurmayacaqlar.

Xalqımızın öz cəsarətini, mərdliyini, qəhrəmanlığını, torpaqlarımızın hər qarışı uğrunda canını qurban verməyə hazır olduğunu 2020-ci ildə yenidən nümayiş etdirdiyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində 44 gün ərzində ölkəmizin tarixi ədaləti bərpa etdiyi vurğulanıb.

Sonra rejissor A.Sadıqovun “Qanlı Qərənfillər” filmi nümayiş olunub.

Filmin prodüseri Sima Sadıqova atasının kamera ilə lentə aldığı orijinal görüntülərin tarixi faktlar olduğunu və yaşanan cinayətlərin dünyaya tanıdılması üçün filmin ABŞ ictimaiyyətinə təqdimatının vacibliyini vurğulayıb.

Tədbirin sonunda Drezden Simfonik Orkestrının solisti, Norveç Musiqiçilər Birliyinin üzvü Şəbnəm Hüseynin kamançada ifasında Azərbaycan bəstəkarlarının həzin musiqi əsərləri səsləndirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər