Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporu nümayəndələri Füzuli və Şuşada səfərdə olublar
17 iyul, 2024Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən və fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli və Şuşaya səfər ediblər.
Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri görüb vandalizm aktlarını pisləyiblər. Qonaqlara rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Onlar aparılan yenidənqurma və təmir-bərpa işlərini təqdir ediblər.
Nümayəndə heyətinin ölkəmizə səfərinin şüarına uyğun olaraq “Prezidentlərin izi ilə!” hərəkət edən qonaqlar Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin açılışını etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D modelləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq və digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndiriblər.
Nümayəndə heyəti daha sonra Şuşaya yola düşüb. Burada da erməni qəsbkarlarının 30 illik işğal dövründə törətdiyi vəhşiliklərdən sonra aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Onlar “Güllələnmiş heykəllər” abidəsi, Yuxarı Gövhər Ağa məscidi, İsa Bulağı, Vaqifin məqbərəsi, Cıdır Düzü və digər görməli yerləri ziyarət ediblər. Heyət tərəfindən Cıdır Düzündə böyükölçülü bayraq açılaraq dalğalandırılıb və xatirə şəkli çəkdirilib.
Foto qalereya
Digər xəbərlər