Bişkekdə soydaşımızın kitabının təqdimatı keçirilib
7 iyul, 2025
Bişkekdə Qırğızıstan Xalq Assambleyasının binasında “Birlik” İctimai Birliyinin təşkilatçılığı ilə jurnalist Kifayət Əsgərovanın “Atamın bağı” ("Сад моего отца") kitabının ikinci nəşrinin təqdimatı keçirilib.
Birliyin rəhbəri Xansıvar Baxşəliyev təqdimat mərasimində çıxış edərək kitabın ilk dəfə 2023-cü ildə işıq üzü gördüyünü deyib. Gündəmə gətirdiyi mövzu və oxucuların marağı nəzərə alınaraq əsərin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ikinci dəfə çap edildiyini bildirib.
Əsər 1930-cu illərin repressiyalarına həsr olunub. “Dürüstlük. Cəsarət. Peşəkarlıq” jurnalistika mükafatının dəfələrlə laureatı olan müəllif özünün və bir neçə azərbaycanlı ailənin Qazaxıstanın Moyunkum səhrası ilə həmsərhəd çöllərinə məcburi köçkünlük tarixini araşdırır. Hadisə iştirakçılarının hekayələrinə, sənədlərə və şəxsi xatirələrə əsaslanan povest iki nəslin dramatik və eyni zamanda nikbinliklə dolu həyatından bəhs edir. Kitabda müəllifin bacısı Gülsarə Əsgərovanın hazırladığı illüstrasiyalar yer alıb.
Foto qalereya
Digər xəbərlər