Praqada “İncəsənət səyyahları” ilə Azərbaycan mədəniyyəti tanıdılıb

26 may, 2025

Praqada “İncəsənət səyyahları” ilə Azərbaycan mədəniyyəti tanıdılıb

Çexiyanın paytaxtı Praqada rəssam Marqarita Kərimova-Sokolovanın “İncəsənət səyyahları” adlı sərgisi keçirilib. Sərgi Azərbaycanın Müstəqillik Günü və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilib.

“Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi sərgi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Pardubetsk Kamera Orkestrinin skripkaçısı Elnarə Tağızadənin Üzeyir Hacıbəylinin zəngin musiqi irsindən ifa etdiyi nümunələr dinləyicilərin böyük marağına səbəb olub.

Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova müəllifi olduğu bu layihədən və Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında Hacıbəyli qardaşlarının tarixi rolundan danışıb. “Azadlıqsevər, müstəqil “incəsənət səyyahları” bir dildə danışır və bu dil sərhəd tanımır. Bu dil Azərbaycan rəssamının Şərqlə Qərbi, keçmişlə indini birləşdirən hər bir əsərində səslənir”, - deyə o bildirib.

Rəssam Marqarita Kərimova-Sokolovanın əsərlərində Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Karel Hinek Maxa, Maqsud İbrahimbəyov, Əminə Dilbazi, Cövdət Hacıyev, Qoya, Velaskes, baron Münhauzen kimi şəxslərin obrazları yer alıb. Həmçinin Azərbaycan poeziyasından seçmələr və telejurnalist Nadejda İsmayılovanın hekayələrindən çəkilmiş illüstrasiyalar da təqdim olunub.

Sərgidə Çexiyadakı Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, eləcə də ətraf bölgələrdən gəlmiş şair, yazıçı və rəssamlar iştirak ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər