Polşada 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunub
30 may, 202528 May – Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü münasibətilə Polşanın paytaxtı Varşavada konsert proqramı təşkil olunub. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Polşa Azərbaycanlıları Şurası və Varşava Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Bayram tədbirinə Polşada yaşayan soydaşlarımızla yanaşı yerli və xarici qonaqlar da qatılıb.
Konsert proqramında Azərbaycan Respublikasının Xalq artisti, tanınmış müğənni və bəstəkar Miri Yusif ifaları ilə iştirakçılara unudulmaz anlar yaşadıb. Səhnədə ifaçını DJ China müşayiət edib. Onların bir-birindən gözəl çıxışları böyük maraq və alqışlarla qarşılanıb. Xalq artisti Miri Yusif bu əlamətdar gün münasibətilə keçirilən tədbirə verilən dəstəyə görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.
Varşava Azərbaycan Evinin rəhbəri və Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli çıxış edərək Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Polşada, eləcə də digər Avropa ölkələrində mütəmadi olaraq mədəni-maarifləndirici tədbirlərin keçirildiyini bildirib. O, belə tədbirlərin Azərbaycan mədəni irsinin qorunması və təbliği ilə yanaşı, həmvətənlərimizin birliyinin və milli kimliyinin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.
Bu konsert proqramı Vətənimizin zəngin tarixi keçmişi və azərbaycançılıq ideyalarının təbliği, milli musiqi mədəniyyəti və incəsənətinin beynəlxalq arenada tanıdılması, o cümlədən Azərbaycan diasporun mədəni fəallığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Foto qalereya
Digər xəbərlər