Özbəkistan nümayəndə heyəti Qarabağa səfər edib

26 may, 2025

Özbəkistan nümayəndə heyəti Qarabağa səfər edib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfərə gələn Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti Qarabağda olub.

Onlar əvvəlcə Füzuli şəhərinə gediblər. Orada Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi ziyarət ediblər. Bu məktəb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa etdirilib. Nümayəndə heyətinə məktəbin fəaliyyəti haqqında məlumat verilib. Qonaqlar məktəbə kitablar təqdim ediblər.

Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşən nümayəndə heyəti Cıdır Düzünü, Gəncə Qapısını və digər tarixi, görməli yerləri ziyarət ediblər.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş olub. Görüşdə Şuşa şəhərinin tarixindən və görülən işlərdən danışılıb. Azərbaycan ilə Özbəkistan arasında hər bir sahədə əməkdaşlığın sürətlə inkişaf etdiyi vurğulanıb. Xivə ilə Şuşa şəhərləri arasında “qardaşlaşmış şəhər” əlaqələrinin praktiki səviyyədə genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. Diqqətə çatdırılıb ki, yeni inşaat işləri və infrastrukturla yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına da xüsusi fikir verilir. Nümayəndə heyəti aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər və məmnunluqlarını dilə gətiriblər.

Şuşadan Xankəndiyə yollanan qonaqlar şəhər ilə tanış olublar. Onlara şəhərdə aparılan yenidənqurma və abadlıq işlərindən bəhs edilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər