Ontario Qanunvericilik Assambleyasında Müstəqillik Günü qeyd olunub

3 iyun, 2026

Ontario Qanunvericilik Assambleyasında Müstəqillik Günü qeyd olunub

Kanadanın Toronto şəhərində yerləşən Ontario Qanunvericilik Assambleyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Toronto Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Ontario Qanunvericilik Assambleyasının üzvləri - Raymond Ço, Nina Tanqri, Şeref Sabavi, Rudi Kuçetto, Andreya Heyzel, Kristin Vonq, Eyşlin Klensi, Çarmeyn A. Uilyams, Laura Smit və Kanadadakı soydaşlarımız iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnləri səsləndirilib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Toronto Azərbaycan Evinin rəhbəri Lalin Həsənova Müstəqillik Günü münasibətilə Ontario Qanunvericilik Assambleyasında belə bir bayram tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə Kanada rəsmilərinə təşəkkürünü bildirib. O, 28 Mayın Azərbaycan xalqının tarixində müstəsna yer tutduğunu, milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm mərhələ olduğunu qeyd edib.

Kanadalı rəsmilər çıxışlarında Azərbaycanın müstəqillik tarixinə diqqət çəkərək, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik idarəçilik prinsiplərinə söykənən fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlətin qurulmasını, qadınlara seçmək və seçilmək hüququnun bir çox inkişaf etmiş ölkələrdən daha əvvəl verilməsini tarixi nailiyyət kimi dəyərləndiriblər. Həmçinin Azərbaycan icmasının Kanadanın ictimai, mədəni və sosial həyatında getdikcə daha fəal iştirak etdiyini, müxtəlif təşəbbüslərlə ölkənin multikultural mühitinə mühüm töhfələr verdiyini bildirərək bundan məmnunluqlarını ifadə ediblər.

Tədbirdə Azərbaycanın zəngin tarixi, milli-mədəni irsi, incəsənəti və adət-ənənələrini əks etdirən xüsusi guşə nümayiş etdirilib. Milli atributlar, əl işləri, mədəniyyət nümunələri və ölkəmizi tanıdan məlumat materialları iştirakçıların xüsusi marağına səbəb olub və qonaqlara Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanı yaradıb.

Tədbirin bədii hissəsində Kanada Azərbaycan Evinin nəzdindəki “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri və rəqs qrupunun üzvləri çıxış ediblər. Onların ifasında səsləndirilən vətənpərvərlik ruhlu musiqilər, xalq mahnıları və milli rəqslər böyük maraq və alqışlarla qarşılanıb.

 

Tədbir Azərbaycanın dövlətçilik tarixinin təbliği, milli-mədəni irsinin tanıdılması və Kanada cəmiyyətində Azərbaycan icmasının rolunun daha da gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər