Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumunda panel müzakirələri keçirilib
10 iyun, 2026
Almaniyanın Hamburq şəhərində keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu çərçivəsində müxtəlif mövzularda panel müzakirələri aparılıb.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, ERG S.p.A. (Edoardo Raffinerie Garrone) şirkətində külək enerjisi layihələri üzrə menecer Nurlan Rəhimlinin moderatoru olduğu panel “Smart City və şəhərsalmada Avropa təcrübəsi” mövzusuna həsr edilib. Paneldə Fraunhofer İnstitutunun süni intellektlə bağlı araşdırma qrupunun rəhbəri, Brandenburq Texniki Universitetinin professoru Konstanse Çöpe “Fraunhofer İnstitutunda tədqiqatlar və irəliyə baxış”, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov “Patentləşdirmə və əqli mülkiyyət”, CC7 MART® şirkətinin meneceri Asif Məmmədov “Yaşıl şəhərlərdə tullantı axınlarının dövriyyəliliyi”, “Holcim Germany” şirkətinin meneceri Alim Quliyev “Plant of the Future – ORT Ağıllı şəhər və şəhərətrafı ərazilərin ayrılmaz elementi kimi”, “Kim Engineering GbR” şirkətinin mühəndisi Elçin Abdullayev “Süngər şəhər konsepti – intensiv yağışlar və ekstremal istilər üçün həll yolu”, Massaçusets Universitetində elektrik mühəndisliyi üzrə təhsil alan Kamran Ağayev isə “PUA təhlükəsizliyi üçün süni intellekt əsaslı sağlamlıq monitorinqi uçuş nəzarətçisi” mövzularında çıxış ediblər. “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev şirkətin Şuşada inşa etdiyi məscidlər, eləcə də Qarabağda həyata keçirdiyi tikinti və bərpa layihələrindən danışıb. Müzakirələr zamanı ağıllı şəhər konsepsiyalarının inkişaf perspektivləri, şəhərsalmada innovativ yanaşmalar, mədəni irsin qorunması, əqli mülkiyyətin müasir iqtisadiyyatda rolu, dairəvi iqtisadiyyat modelləri, iqlim dəyişikliklərinə uyğunlaşma strategiyaları və süni intellekt texnologiyalarının mühəndislik sahəsində tətbiq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Forumun növbəti paneli “Gələcəyin şəhərləri: inşaat, rəqəmsallaşma və dayanıqlılıq” mövzusuna həsr olunub. Almaniya Süni İntellekt Tədqiqat Mərkəzində (DFKI) İnformasiya Sistemləri İnstitutunun meneceri və baş tədqiqatçısı, Saarland Universitetinin mühazirəçisi Nicat Mehdiyevin moderatorluğu ilə keçirilən paneldə Alman Süni İntellekt Araşdırma Mərkəzinin əməkdaşı Andreas Emrich “Gizli xəzinələrin aşkarlanması – binaların söküntü xərclərinin və material dəyərinin multimodal hibrid süni intellekt yanaşmaları ilə qiymətləndirilməsi”, Breton S.p.A. şirkətinin regional direktoru Stefano Titotto “Terastone – Gələcəyin şəhərləri üçün ağıllı dövri sənayelər”, ClickClickPlay.com-un təsisçisi və icraçı direktoru Azər Əliyev “Şəhər davranış mühəndisliyi”, “MUST Analytics GmbH” şirkətinin təsisçisi və icraçı direktoru Mirxəqan Mustafazadə “Real-vaxt süni intellekt sistemləri”, ARGUS Stadt und Verkehr Hamburg şirkətində layihə meneceri və mühəndis Kənan Mustafayev “Küçə və yollarda səth sularının effektiv yönəldilməsi”, AMCB Labs S.à r.l. şirkətinin həmtəsisçisi və icraçı direktoru İskəndər Axundov isə “Ağıllı laboratoriyalar ekosistemi və onun üzləşə biləcəyi çağırışlar” mövzuları ətrafında öz təcrübələrini bölüşüb, innovativ həllər və gələcək inkişaf perspektivləri istiqamətində fikirlər səsləndiriblər. Paneldə, həmçinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisinin birinci müavini-baş memar Müslüm İmranlı dövlətimizin işğaldan azad edilən ərazilərdə apardığı genişmiqyaslı bərpa və yenidənqurma işlərindən bəhs edib.
Paneldə rəqəmsallaşmanın inşaat sektorunda və şəhər idarəçiliyində artan rolu, süni intellekt əsaslı həllərin tətbiqi, resurslardan səmərəli istifadə mexanizmləri, dayanıqlı sənaye modelləri, şəhər infrastrukturunun idarə olunması və innovativ texnologiyaların gələcəyin şəhərlərinin formalaşmasındakı strateji əhəmiyyəti geniş şəkildə müzakirə olunub.
Panellər iştirakçılar arasında bilik və təcrübə mübadiləsinə, müasir mühəndislik yanaşmalarının, süni intellekt texnologiyalarının və dayanıqlı inkişaf həllərinin müzakirəsinə geniş imkan yaradıb. Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndislərin peşəkar əməkdaşlığının gücləndirilməsi və beynəlxalq təcrübənin paylaşılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Foto qalereya
Digər xəbərlər
