Nyu Yorkda Anatoli Banişevskinin xatirəsinə həsr olunan futbol turniri keçirilib

26 may, 2025

Nyu Yorkda Anatoli Banişevskinin xatirəsinə həsr olunan futbol turniri keçirilib

ABŞ-nin Nyu York şəhərində əfsanəvi Azərbaycan futbolçusu və məşqçisi, Bakının “Neftçi” komandasının keçmiş hücumçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunan 11-ci  turnir keçirilib.

Veteranlar və uşaqlar arasında keçirilən turnirin təşəbbüskarı Anatoli Banişevskinin yetirməsi, SSRİ idman ustası, “Kəpəz”, “Neftçi” və “Qarabağ” komandalarının veteran futbolçusu Arif (Aron) Zərbailovdur. 

Turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nyu York İdman Veteranları Assosiasiyasının, "My Way" Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən “My Way” Futbol Klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Uşaqlar arasında keçirilən yarışda Nyu Yorkun uşaq və yeniyetmələrdən ibarət futbol klublarından 100-dən çox idmançı iştirak edib.

7–8 yaşlı uşaqlar arasında keçirilən final oyununda “My Way” Futbol Klubu Gürcüstanın  “Daraselia Akademiyası”nın komandasına 3:1 hesabı ilə qalib gəlib. Turnirin kuboku və mükafatı komandanın kapitanı, eləcə də yarışın ən yaxşı oyunçusu 7 yaşlı Ariel Mişiyevə təqdim olunub.

Veteranlar arasında keçirilən yarışda isə 1-ci yeri “Dinamo” (Tbilisi), 2-ci yeri “Neftçi” (Nyu York), 3-cü yeri “Kosmos” (Nyu York) komandası tutub.

Sonda yarışın qaliblərinə kubok, bütün iştirakçılara isə üzərində Banişevskinin təsviri olan medallar təqdim olunub. Qonaqlara isə Azərbaycan simvollarını əks etdirən suvenirlər hədiyyə edilib.

Turnirin təşkilatçıları dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və bütün sponsorlara minnətdarlıqlarını bildiriblər. Bu təşəbbüsü xaricdə yaşayan uşaqların Azərbaycan futbolunun inkişafına böyük töhfə vermiş oyunçuların tanıdılmasında əhəmiyyətli bir addım kimi qiymətləndiriblər. 

Qeyd edək ki, uzun illər Nyu Yorkda yaşamasına baxmayaraq Arif Zərbailov ustadının xatirəsinə sadiq qalaraq,  2015-ci ildən  Banişevskiyə həsr olunan turnir təşkil edir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər