Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı mina probleminə cəlb edib

8 dekabr, 2023

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı mina probleminə cəlb edib

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxsin ağır yaralanması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.  

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elxan Mirhəşimlinin adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda dekabrın 7-də Füzuli rayonunun Horadiz kəndi və Şuşa rayonu ərazilərində təsəfərrüfat işləri apararkən və elektrik xətti çəkərkən Zamin Həsənli (1994-cü il təvəllüdlü) və Rahim Həbibovun (1987-ci il təvəllüdlü) ağır yaralanması barədə məlumat verilib.

Nəzərə çatdırılıb ki, Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir. 44 günlük müharibənin bitməsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 340 nəfərə çatdığı, 1991-ci ildən indiyədək onların ümumi sayının 3419 nəfər təşkil etdiyi vurğulanıb.

Yaşamaq hüququnun ən əsas insan hüquqlarından biri olduğu, mina probleminin bərpa və yenidənqurma işlərinə, yüz minlərlə məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzurdakı evlərinə təhlükəsiz şəkildə qayıtmasına əsas əngəl yaratdığı, Azərbaycan dövlətinin humanitar minatəmizləmə üzrə irimiqyaslı əməliyyatlar apardığı yada salınıb.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmənin BMT-nin dayanıqlı inkişafının 18-ci hədəfi kimi tanınmasını dəstəkləməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər