Münsterdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

26 may, 2025

Münsterdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Almaniyanın Münster şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəldə komitənin dəstəyi ilə Münsterdə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Ardınca qəhrəman şəhidimiz Xudayar Yusifzadənin oxuduğu və 44 günlük Vətən müharibəsinin simvollarından birinə çevrilən “Vətən yaxşıdır” mahnısı iştirakçılarda vətənpərvərlik hissini, azadlıq sevgisini, şəhid və qazilərə ehtiram duyğularını cuşa gətirib.

Filologiya və fəlsəfə elmləri doktoru, həftəsonu məktəbinin müəllimi Sahibə Payıküçük çıxış edərək bu əlamətdar günün milli dövlətçilik tariximizdəki önəmindən danışıb.

Avropa Azərbaycan Mərkəzinin sədri və Almaniya Azərbaycanlıları Alyansının idarə heyətinin üzvü Zaur Əliyev 28 May tarixinin yalnız keçmişin deyil, bugünkü güclü dövlətimizin və xalqımızın iradəsinin simvolu olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanın bu gün öz tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşadığı xüsusi vurğulanıb. O da qeyd olunub ki, bu uğurların təməlində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və məqsədyönlü siyasəti dayanır. Onun rəhbərliyi ilə tarixi torpaqlarını işğaldan azad edən Azərbaycanın beynəlxalq nüfuzu daha da artır, regionun siyasi-iqtisadi güc mərkəzlərindən birinə çevrilir. Bu siyasətin nəticəsində dövlətimiz bu gün öz daxili və xarici məsələlərini tam müstəqil şəkildə müəyyənləşdirir və strateji hədəflərinə ardıcıl şəkildə çatır.

Tədbirin bədii hissəsində həftəsonu məktəbinin şagirdləri Azərbaycan şairlərinin Vətən, torpaq və milli kimlik mövzusunda şeirlərini söyləyiblər.

Sonra musiqili və əyləncəli proqram təqdim olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər