Misirdəki Pakistan Səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib

20 oktyabr, 2026

Misirdəki Pakistan Səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Pakistan İslam Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Amir Şövkət Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirovu təltif edib. Soydaşımız Misirdə təhsil alan pakistanlı tələbələrə uzun illər göstərdiyi dəstəyə görə bu mükafata layiq görülüb.

Mükafat Pakistan Səfirliyinin Misirdə təhsil alan pakistanlı tələbələr üçün təşkil etdiyi “Məzun Günü” tədbirində təqdim olunub.

Səfir tədbirdə çıxış edərək tədqiqatçı-alimin təhsil sahəsindəki xidmətlərini yüksək qiymətləndirib, Azərbaycan və Pakistanın qardaşlıq münasibətlərini xüsusi vurğulayıb.

Seymur Nəsirov çıxışında Azərbaycan və Pakistan arasındakı münasibətlərin möhkəm təmələ söykəndiyini bildirib. O, pakistanlı tələbələrin təhsilinə dəstək göstərməyin, onların elmi inkişafına töhfə verməyin onun üçün böyük qürur və məmnunluq olduğunu qeyd edib.

Təltifetmə mərasimi Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlığın, eləcə də xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə verilən önəmin növbəti ifadəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, Seymur Nəsirov 2003-cü ildən etibarən Misirdə təhsil alan xarici tələbələrin təhsilinə və elmi inkişafına dəstək göstərir. Onun rəhbərlik etdiyi proqramlardan hazırda 65 ölkədən iki mindən çox tələbə yararlanır. Bu proqramların məzunları müxtəlif ölkələrdə professor, alim, mütəxəssis və din xadimi kimi fəaliyyət göstərir.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər