Eskişehirdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olunub

20 oktyabr, 2026

Eskişehirdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olunub

Türkiyənin Eskişehir şəhərində Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi, Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, alimlər, ictimaiyyət təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və Eskişehirdə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbirdə Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin tarixi əhəmiyyəti, dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafı ilə bağlı fikirlər səsləndirilib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışıb, müstəqilliyin qorunmasının və milli dəyərlərin yaşadılmasının vacibliyini vurğulayıb.

Daha sonra Anadolu Universitetində keçirilən Beynəlxalq Azərbaycan Konqresində iştirak edən Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin müdiri, professor Burhan Sayılır tədbirin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın konqresin təşkilinə verdiyi töhfələrə və göstərdiyi əməkdaşlığa görə professor Burhan Sayılıra xatirə plaketi təqdim edib.

Sonda çıxış edən Cavid Aydın Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının, milli-mədəni irsin yaşadılmasının və Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, tədbirin təşkilində əməyi olan qurumlara və iştirakçılara təşəkkürünü bildirib.

Bədii hissə ilə davam edən tədbir Azərbaycan diasporunun Türkiyədə milli-mənəvi dəyərlərin təbliği, Azərbaycanın dövlətçilik tarixinin tanıdılması və Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinin növbəti nümunəsi olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər