“Meta” və “Nvidia” şirkətlərinin qərargahları ziyarət olunub
19 noyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və komitə əməkdaşları Azərbaycanlı–Amerikalı İT və Süni İntellekt Mütəxəssislərinin I Forumu çərçivəsində ABŞ-nin Kaliforniya ştatının Silikon Vadisində yerləşən “Meta” və “Nvidia” şirkətlərinin qərargahlarını ziyarət ediblər.
Komitə əməkdaşları “Meta” şirkətində data mühəndisi kimi fəaliyyət göstərən soydaşımız Nigar Həmidli və “Nvidia” şirkətinin peşəkar mütəxəssisi Osman Əfəndiyevin müşayiəti ilə hər iki şirkətin ofisləri ilə tanış olublar. Qonaqlara şirkətlərin iş prinsipləri, innovativ layihələri və texnoloji ekosistemi barədə ətraflı məlumat verilib.
Ziyarət zamanı süni intellekt, data mühəndisliyi, innovasiya və rəqəmsal texnologiyalar sahəsində həyata keçirilən son yeniliklər, eləcə də bu istiqamətlərdə tətbiq olunan qabaqcıl həllər müzakirə edilib. Eyni zamanda, beynəlxalq texnologiya şirkətlərində çalışan azərbaycanlı mütəxəssislərin peşəkar fəaliyyəti, əldə etdikləri təcrübə və qlobal texnologiya mühitində qazandıqları uğurlar barədə fikir mübadiləsi aparılıb.
Ziyarət xaricdə çalışan yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərlə əlaqələrin daha da gücləndirilməsi, onların bilik və təcrübəsinin ölkəmizin inkişafı naminə dəyərləndirilməsi, eləcə də Azərbaycan diasporunun yüksək texnologiyalar sahəsində artan potensialının nümayişi baxımından mühüm əhəmiyyət daşıyıb.
Foto qalereya
Digər xəbərlər
