Mərakeşli jurnalistlər Diasporla İş üzrə Dövlət Komitəsində olub
7 iyul, 2025Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Mərakeşin nüfuzlu media nümayəndələrinin ölkəmizə səfəri davam edir. Onlar Bakı şəhəri ilə tanış olub, bir sıra rəsmi görüşlər keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsində olan qonaqlar sədr müavini Elşad Əliyevlə görüşüblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasətinin əsas istiqamətləri barədə geniş məlumat verən sədr müavini buna uyğun olaraq komitənin gördüyü işlərdən danışıb. Bildirib ki, hazırda 70-dən artıq ölkədə azərbaycanlılarla əlaqələr mövcuddur, diaspor fəaliyyətinin koordinasiyalı şəkildə təşkili üçün Koordinasiya Şuraları yaradılıb, 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Sədr müavini eyni zamanda, 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və azad edilən ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirildiyini söyləyib. Bu mühüm prosesin obyektiv şəkildə dünya ictimaiyyətinə çatdırılmasında və ölkəmizə qarşı yönəlmiş dezinformasiya cəhdlərinin qarşısının alınmasında jurnalistlərin peşəkar və prinsipial mövqeyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu məqsədlə komitənin indiyə kimi 1000-dən çox xarici jurnalistin, tarixçinin, politoloqun, hüquqşünasın ölkəmizə, o cümlədən Qarabağ və ətraf rayonlara səfərlərini təşkil etdiyini bildirib.
Qonaqlar səfərin təşkilinə və səmimi qəbula görə komitəyə minnətdarlıqlarını bildirərək, ölkəmizdə olmaqlarından məmnunluq duyduqlarını ifadə ediblər. Bu cür görüşlərin və səfərlərin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın genişlənməsinə zəmin yaratdığını bildiriblər. İnformasiya mübadiləsi və təcrübə paylaşımı sahəsində aparılan müzakirələrin onların gələcək fəaliyyətlərinə dəyərli töhfələr verəcəyini və əməkdaşlıq perspektivlərini daha da genişləndirəcəyini söyləyiblər. Bu səfərin iki tərəf arasında qarşılıqlı anlaşmanın artırılmasına, yeni layihələrin və təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyini diqqətə çatdırıblar. Onlar ölkəmizin sosial, iqtisadi və mədəni sahələrdəki nailiyyətlərini yaxından izlədiklərini və burada qazanılan təcrübənin öz ölkələrində tətbiqinin faydalı olacağını qeyd ediblər.
Digər xəbərlər