Marneulidə 4 ölkənin mədəniyyəti bir araya gəlib
17 iyul, 2026
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib.
Festivalın məqsədi Azərbaycan, Gürcüstan, Türkiyə və İtaliyanın zəngin mədəni irsinin, milli mətbəxinin və adət-ənənələrinin tanıdılması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və multikultural dəyərlərin təşviqi olub.
Tədbirdə ölkələrin mətbəxindən örnəklər təqdim edilib, milli musiqi alətlərindən, geyimlərindən və mədəni irs nümunələrindən ibarət guşələr sərgilənib.
Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov mədəniyyətin xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələrin mədəni irsini və adət-ənənələrini bir araya gətirən bu cür tədbirlər dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verir.
GAİM-in əməkdaşı Zülfinaz Əliyeva festivalın əsas məqsədlərindən birinin gənclər arasında multikultural dəyərlərin təşviqi və müxtəlif xalqların mədəniyyəti haqqında məlumatlılığın artırılması olduğunu qeyd edib. Həmçinin, mərkəzin bundan sonra da gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və multikultural cəmiyyətin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsini davam etdirəcəyini diqqətə çatdırıb.
Festivalda GAİM-in rəsm müəllimi Xəyalə Mustafayevanın milli-mədəni dəyərləri əks etdirən əsərlərindən ibarət sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda iştirakçılara GAİM-in hazırladığı Gürcüstan, Azərbaycan, Türkiyə və İtaliyanın mədəni irsi, milli mətbəxi və adət-ənənələrini əks etdirən maarifləndirici broşürlər paylanılıb.
Foto qalereya
Digər xəbərlər
