Kolumbiyadakı Azərbaycan icması ilə onlayn görüş keçirilib
27 oktyabr, 2026
Kolumbiyadakı Azərbaycan İcmasının üzvləri ilə onlayn görüş keçirilib. Görüşdə Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsi, soydaşlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi, eləcə də Azərbaycanın milli-mədəni irsinin Kolumbiyada təbliği məsələləri müzakirə olunub.
2026-cı ildə təsis edilən “Kolumbiyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları Assosiasiyası”nın rəhbəri Cavid Adıgözəlov təşkilatın fəaliyyəti, soydaşlarımız arasında əlaqələrin inkişafı, ölkəmizin tanıdılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Səlhət Abbasova qurumun əsas fəaliyyət istiqamətlərindən danışıb. O, dövlətimizin hər zaman xaricdə yaşayan soydaşlarımızın yanında olduğunu, komitənin 70-dən çox ölkədə azərbaycanlıların təşkilatlanmasına, milli-mədəni irsimizin və tariximizin gənc nəslə çatdırılmasına, eləcə də yerli ictimaiyyətə tanıdılmasına, diaspor üzvlərinin yaşadıqları cəmiyyətlərə inteqrasiyasına dəstək verdiyini diqqətə çatdırıb. Həmçinin Kolumbiyada yeni fəaliyyətə başlayan təşkilatın soydaşlarımız arasında birliyin möhkəmlənməsinə, diaspor fəaliyyətinin inkişafına və Vətənlə əlaqələrin daha da güclənməsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Müxtəlif peşə sahələrində çalışan icma üzvləri Azərbaycançılıq ideologiyasına bağlılıqlarını ifadə edərək, Vətənlə bağlı məsələlərə həssas yanaşdıqlarını və icma birliyinin gücləndirilməsi istiqamətində fəal iştiraka hazır olduqlarını vurğulayıblar.
Digər xəbərlər
