Kanadalı parlamentar Azərbaycana gəlib
12 sentyabr, 2023Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kanadada fəaliyyət göstərən "Vətən" İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycana səfər edən Kanada nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva iştirak ediblər.
Qonaqları Azərbaycanda salamlamaqdan məmnunluq duyduğunu vurğulayan Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı danışıb. Kanadada yaşayan soydaşlarımızın yaşadıqları ölkənin sosial-iqtisadi və mədəni həyatına inteqrasiyasını yüksək qiymətləndirib. Azərbaycan icmasının təşəbbüslərinə verdiyi diqqət və dəstək üçün Çandra Aryaya ayrıca təşəkkürünü bildirib.
Səmimi qəbul üçün minnətdarlıqlarını bildirən qonaqlar Komitənin fəaliyyətini müsbət qiymətləndiriblər.
Qonaqlar eyni zamanda Diaspor TV və Diaspor FM-in fəaliyyəti ilə də tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Kanada Parlamentinin üzvü Çandra Arya Kanadanın paytaxtında Azərbaycan mədəniyyətini və irsini nümayiş etdirən bir sıra tarixi tədbirlərin keçirilməsində mühüm rol oynayıb. 2023-cü ilin may ayında cənab Arya Ottavada Kanada Parlamentində ilk Azərbaycan bayrağının qaldırılması mərasiminin təşkilinə kömək edib, həmçinin 2023-cü ilin iyununda Parlamentdə ilk dəfə Azərbaycan İrsi Gününün keçirilməsinə dəstək olub. Cənab Arya 2023-cü ilin martında Parlamentdə Ottavanın Azərbaycan icmasının fəal iştirak etdiyi Beynəlxalq Novruz bayramını təşkil edərək, bu ənənəvi festivalın əhəmiyyəti və inklusivlik dəyərlərini vurğulayıb.
Kanadada yaşayan Azərbaycan icması tərəfindən son illərdə Azərbaycanın önəmli tarixlərində ölkəmizin üçrəngli bayrağı Kanadanın müxtəlif şəhərlərində Kanada ilə Azərbaycan arasında möhkəm bağları simvolizə edərək qaldırılıb. Bayraq qaldırma mərasimləri 28 May – Müstəqillik Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Kanadanın Ottava, Toronto, Hamilton, Recayna, Kalqari şəhərlərində təşkil edilib, o cümlədən Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu mərasimlər ölkələrimiz arasında dostluq körpüsünün yaradılması və mədəni mübadilənin inkişafına xidmət edir.
Foto qalereya
Digər xəbərlər