İzmirdə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbirlər keçirilib
16 noyabr, 2026
Türkiyənin İzmir şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə azərbaycanlı gənclərin, diaspor nümayəndələrinin və ictimaiyyət təmsilçilərinin iştirakı ilə tədbirlər təşkil olunub.
İlk tədbir Türkiyədə yaşayan azərbaycanlı sənətçi Roza İbadova Kocamazın təşəbbüsü ilə İzmirdə təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə keçirilib. Görüşdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılman tarixi Zəfərin əhəmiyyəti, Şuşanın azad edilməsinin tarixi rolu və Qarabağ Zəfərinin Türk dünyası üçün mənəvi dəyəri vurğulanıb. Tədbir Azərbaycanın milli musiqilərinin ifası ilə davam edib.
Digər tədbir isə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir iştirakçıları əvvəlcə İzmirin Bornova Bələdiyyəsinin ərazisindəki Azərbaycan Dostluq Parkında yerləşən Xocalı abidəsini ziyarət edərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna Qarabağın işğaldan azad olunmasına aparan mübarizədən, Azərbaycan xalqının əzmindən və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsindən bəhs edib. O, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Jurnalist Nigar Ögeday isə Qarabağ Zəfərinin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qüruru olduğunu bildirib, Türkiyə-Azərbaycan qardaşlığının və türk xalqları arasında həmrəyliyin əhəmiyyətini vurğulayıb.
Hər iki tədbirdə Qarabağ Zəfərinin Azərbaycan xalqının milli iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsi olduğu, bu tarixi qələbənin gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd edilib.
İzmirdə keçirilən tədbirlər Azərbaycanın Zəfər sevincinin ölkə hüdudlarından kənarda da yaşadıldığını, Türkiyədəki soydaşlarımızın Vətənlə mənəvi bağlılığının və Türk dünyasının həmrəyliyinin güclü olduğunu bir daha nümayiş etdirib.
Foto qalereya
Digər xəbərlər
