İsveçrədə azərbaycanlı sənətçilərin konserti keçirilib

15 oktyabr, 2024

İsveçrədə azərbaycanlı sənətçilərin konserti keçirilib

İsveçrənin Bazel şəhərində həmin ölkədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü ilə orqan musiqisi konserti keçirilib.

Konsertdə kamança və orqanda Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin xalq musiqiləri çalınıb. Kamançada Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva, orqanda isə müxtəlif yerli və beynəlxalq tədbirlərin, konsertlərin iştirakçısı Şəfəq Abdullayeva çıxış edib.

Son 30 ildə hər il Piano-Orqan musiqi festivalı (Klavier Orgel Festival) təşkil olunan Müqəddəs Ruh kilsəsində ilk dəfə qərb musiqi aləti orqan ilə Azərbaycan milli musiqi aləti kamança birgə səsləndirilib.

Konsertdən əvvəl fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən fotosərgisi nümayiş olunub.

Xalq musiqimizin inciləri "Bayatı-Şiraz" və "Şur" muğamlarını, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin "Arazbarı" simfonik muğamını, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin "Mart" əsərini, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konserti”nin ikinci hissəsini, Azərbaycan xalq rəqslərindən ibarət "Üç gözəl" musiqi kompozisiyasını, "Uzundərə" rəqsini konsert iştirakçıları böyük rəğbətlə qarşılayıb.

Musiqili görüşdə dahi Azərbaycan şairi, mütəfəkkiri, 1937-ci il repressiyasının qurbanı Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin hüznlü həyat hekayəsindən də bəhs olunub, Ərtoğrul Cavidin “Skripka ilə fortepiano üçün poema”sı ifa edilib.

Avstriyalı skripkaçı, bəstəkar və dirijor Aleksey Iqudesmanın "Applemania" əsərinin kamançada ifası musiqisevərlərin zövqünü oxşayıb.

Sonda "Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Bodmer çıxış edərək musiqinin insanlar arasında bir ünsiyyət vasitəsi olduğunu vurğulayıb və gələcəkdə də belə görüşlərin təşkilinə inandığını söyləyib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər