İsrailin Or-Akiva şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan konsert keçirilib

16 noyabr, 2026

İsrailin Or-Akiva şəhərində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunan konsert keçirilib

İsrailin Or-Akiva şəhərində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan konsert keçirilib.

Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Or-Akiva şəhərinin meri Simxa Yesipovun dəstəyi, eləcə də İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Or-Akiva şəhər merinin səlahiyyətlərini icra edən Noax Şamaylov, şəhər meriyasının Miqrasiya və İnteqrasiya şöbəsinin rəhbəri İnna İsakova, Kiryat-Yam şəhərinin mer müavini, “Azİz” Azərbaycan–İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov, Assosiasiyanın icraçı direktoru Şaul Siman-Tov, “STMEGI” İsrail Fondunun sədr müavini Maryana Yaşayeva və digər şəxslər iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə olunduğunu bildirib. O bu qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyin, Zəfərin regionda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Or-Akiva şəhərinin meri Simxa Yesipov müasir dövrdə dünyada sülhün qorunmasının vacibliyini vurğulayıb, İsrail və Azərbaycan arasında uzun illərə söykənən dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.

Bədii hissədə İsraildə fəaliyyət göstərən “Sevgi” instrumental ansamblının bədii rəhbəri, tanınmış kamança ifaçısı Salman Rabayevin iştirakı ilə milli musiqimizin sevilən nümunələri səsləndirilib. Anna Veller-Xanukayevanın rəhbərlik etdiyi “Keren Or” uşaq Qafqaz rəqs kollektivinin çıxışı tamaşaçıların gur alqışlarını qazanıb. Proqram İsrailin tanınmış ifaçıları Zaur Əziz, “Maryaj” qrupu və Fərid Aloninin ifaları ilə davam edib. Sənətçilər Azərbaycan və İsrail musiqilərindən nümunələr, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə həsr olunan vətənpərvərlik mahnıları səsləndiriblər.

Tədbir iştirakçılar böyük marağı ilə qarşılanıb. Konsert Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərinin İsraildə tanıdılmasına, həmçinin Azərbaycan–İsrail dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər