İsrailin ABŞ-dakı keçmiş səfiri: “Azərbaycan-İsrail münasibətləri zamanın sınağından uğurla çıxıb”

23 may, 2023

İsrailin ABŞ-dakı keçmiş səfiri: “Azərbaycan-İsrail münasibətləri zamanın sınağından uğurla çıxıb”

İran və onun marionetləri İsrail və Azərbaycanı təhdid etdikcə, iki ölkə bir-birinə daha da yaxınlaşır.  

Tanınmış israilli siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu fikri ölkəsinin geniş oxucu kütləsinə malik populyar “i24NEWS” qəzetində dərc olunmuş məqaləsində yazıb.

“Azərbaycan-İsrail dostluğu regional gərginlik şəraitində çiçəklənir” sərlövhəli məqalədə ölkəmizin Tel-Əvivdə səfirliyini açdıqdan sonra Azərbaycan-İsrail dostluğunun yeni səviyyəyə yüksəldiyi bildirilib. Məqalədə tanınmış israilli tarixçi, publisisit yazar, siyasətçi, sabiq millət vəkili və nazir müavini, 2009-2013-cü illərdə İsrailin ABŞ-da səfiri olmuş Mixail Orenə istinadən bildirilib ki, Azərbaycan İsrail dövlətinin çox mühüm müttəfiqidir və bunun bir neçə səbəbi var. Birincisi, güclü iqtisadiyyatına görə, ikincisi, strateji mövqeyinə görə. Və nəhayət, ona görə ki, əhalisinin əhəmiyyətli hissəsi şiə məzhəbinə etiqad edən Azərbaycan İran rejiminin şiələrin İsrailin barışmaz düşməni olmasına dair iddiasını qətiyyətlə rədd edib: “Azərbaycan milli azlıqların hüquqlarına ehtiram göstərir. Vaxtilə çox ədalətli keçən bələdiyyə seçkilərində müşahidəçi kimi Azərbaycanda olarkən bunun şahidi olmuşam. Düşünürəm ki, İsraillə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi üçün daha çox iş görülməli, o cümlədən strateji əməkdaşlıq, kəşfiyyat, turizm və təhsil sahəsində bilik və təcrübə mübadiləsi daha da dərinləşməlidir”.

Qeyd olunub ki, David Ben-Qurion İsrailin dövlət kimi dirçəlişi üçün hansı işləri görübsə, Heydər Əliyev də Azərbaycan üçün eyni tarixi missiyanı həyata keçirib. Dünya şöhrətli siyasətçi Heydər Əliyev İsraillə çox güclü tərəfdaşlıq qurmağa nail olub. Hər iki liderin rəhbərliyi altında İsrail və Azərbaycan bugünkü vəziyyətlərinə yetişmək yolunda çox çətin sınaqların öhdəsindən gəlməyə müvəffəq olublar. Bu mənada Tel-Əvivdə Azərbaycan səfirliyinin açılması prosesin sonu deyil, yeni mərhələnin başlanğıcıdır.

Müəllif onu da diqqətə çatdırıb ki, Azərbaycan anti-semitizmin yad anlayış olduğu multikultural cəmiyyətdir, burada qədim zamanlardan sakin olan yəhudilər Azərbaycan cəmiyyətində mühüm rol oynayıblar və bu gün də oynayırlar. Belə ki, Azərbaycanın ən məşhur yəhudi xadimləri arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau və Birinci Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov da var. Sonuncunun şərəfinə Bakıda nəhəng heykəl ucaldılıb ki, bu da şiə müsəlman ölkəsində nadir haldır. Solomon Qrobşteyn Bakı neft sənayesinin yaradıcılarından biridir, məşhur amerikalı pianoçu Bella Davidoviç Bakıda yəhudi musiqiçi ailəsində anadan olub və ümimiyyətlə, yəhudilərin Azərbaycan cəmiyyətinə verdiyi töhfələrin siyahısı bununla bitmir.

İsrailli siyasətçi hesab edir ki, göstərilən səbəblərdən Azərbaycandakı yəhudilər və İsraildəki Azərbaycan yəhudiləri hər iki ölkə arasında dostluğun möhkəmlənməsi üçün səylə çalışırlar, çünki iki xalq arasında dostluğun kökləri, yuxarıda qeyd olunduğu kimi, çox dərindir. Bundan əlavə, hər iki ölkənin ortaq tarixi və İran təhlükəsi ilə bağlı əməkdaşlıqdan çox kənara çıxan bir sıra ortaq maraqları var. Qərbin həqiqəti əks etdriməyən münasibəti və yanaşmaları ilə üzləşən hər iki ölkə əslində dünyəvi, tolerant və multikultural cəmiyyətlərdir. Keçən ay İsrailin xarici işlər naziri Eli Koenin Azərbaycana səfər etməsi Bakının Təl-Əvivdə səfirliyini açmasından sonra iki ölkə arasında əlaqələrin güclənməsinin növbəti sübutudur. Həqiqətən də Azərbaycan-İsrail dostluğunun böyümə potensialının həddi-hüdudu yoxdur.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.i24news.tv/en/news/analysis-opinion/1684559185-azerbaijani-israel-friendship-is-blossoming-amidst-regional-tensions

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər