Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının toplantısı keçirilib
24 may, 2025
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının toplantısı keçirilib.
Toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.
Komitə sədri Prezident İlham Əliyevin diasporun təşkilatlanması ilə bağlı tövsiyələrini xatırladıb, dünya azərbaycanlılarının vahid diaspor şəbəkəsinin yaradılmasının və koordinasiyalı fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, son illər yaradılan Koordinasiya Şuraları icmalar arasında əlaqələndirici rol oynayır, daha sistemli və effektiv diaspor fəaliyyətinin təminatçısı kimi çıxış edir.
Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasına üzv ölkələr üzrə yeni seçilən koordinatorlar çıxış edərək göstərilən etimada görə təşəkkür edib, belə bir formatın olmasını koordinasiyalı fəaliyyət üçün təqdirəlayiq hal kimi qiymətləndiriblər.
Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Oman Sultanlığı, Qətər Dövləti, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Küveyt Dövləti üzrə koordinatorların iştirak etdiyi görüşdə ərəb ölkələrində yaşayan azərbaycanlıların koordinasiyalı fəaliyyət imkanları ilə bağlı təkliflər dinlənilib, fikir mübadiləsi aparılıb.
Foto qalereya
Digər xəbərlər