Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib
27 oktyabr, 2026
Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizə səfər edib. Nümayəndə heyətinin tərkibində Dostluq Assosiasiyasının prezidenti Mohamed Faquiri, baş katibi İlham Meftah, müşavirlər Hayate Znig, Raşid Harrath, Mourad Daoudi, El Boukili Abderrahim və digər şəxslər yer alıb.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini anıblar.
Dostluq Assosiasiyasının üzvləri Hərbi Qənimətlər Parkında və Vətən Müharibəsi Memorial Kompleksində Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə, 44 günlük Vətən müharibəsi və qazanılmış tarixi Zəfər barədə məlumatlandırılıblar.
Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı isə qonaqlar Ulu Öndərin həyat və fəaliyyəti, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti haqqında zəngin ekspozisiya ilə tanış olublar.
Səfər proqramına Azərbaycanın qədim tarixini, mədəni və elmi irsini əks etdirən məkanlarla tanışlıq da daxil olub. Qonaqlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu və Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Daha sonra qonaqların işğaldan azad olunan torpaqlarımıza səfəri təşkil edilib. Onlar əvvəlcə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər. Görüşdə Şuşanın işğaldan azad olunmasından sonra şəhərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də gələcək inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib. Həmçinin qədim tarixə və zəngin mədəni irsə malik Şuşa və Mərakeşin Fes şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması təklif olunub.
Daha sonra Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı və Yuxarı Gövhərağa məscidi ziyarət edilib. Ermənilərin tarixi və mədəni abidələrimizə qarşı törətdiyi vandalizmi qətiyyətlə pisləyən mərakeşli qonaqlar Şuşada aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini yüksək qiymətləndiriblər. Şuşadan Xankəndi şəhərinə yola düşən nümayəndə heyəti Zəfər Parkını və Qarabağ Universitetini ziyarət ediblər. Şəhərdə həyata keçirilən yenidənqurma işləri, yaradılan müasir infrastruktur və bölgədə formalaşan yeni inkişaf mühiti ilə tanış olublar.
Bununla yanaşı, qonaqlar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub rektor Rüfət Əzizovla görüşüblər. Görüşdə universitetin Tarix muzeyi və Mineralogiya muzeyi, Bərpaolunan enerji laboratoriyaları mərkəzi, eləcə də Rəqəmsal energetika laboratoriyası ilə tanışlıq olub. Qonaqlara universitetin tarixi, elmi-tədqiqat imkanları və müasir laboratoriya infrastrukturu barədə məlumat verilib. Qeyd edək ki, heyətə daxil olan Raşid Harrath bu təhsil ocağının məzunudur.
Səfərin Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlar arasında əlaqələrin genişlənməsinə və diaspor sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Foto qalereya
Digər xəbərlər
