Corc Meyson Universitetində “Türk Birliyi Gecəsi” keçirilib
23 noyabr, 2026
ABŞ-nin Virciniya ştatının Corc Meyson Universitetində “Türk Birliyi Gecəsi” ("Turkic Unity Night") adlı tədbir keçirilib.
Tədbir universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyasının, “İpək Yolu Xalqları” Təşkilatının (“Silk Road Nations”) və Türk Mədəniyyəti Klubunun birgə təşkilatçılığı ilə baş tutub.
Türk xalqlarının ortaq tarixi, mədəniyyəti və dəyərlərinin tanıdılması məqsədilə keçirilən tədbirə Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri, ABŞ, Rusiya, Yaxın Şərq və Çindən 40-a yaxın tələbə qatılıb. İştirakçılar öz xalqlarının mədəniyyətinə həsr olunan guşələrdə milli dəyərlərini nümayiş etdiriblər.
Tədbir türk dövlətləri və xalqları arasında mövcud olan tarixi-mədəni bağlar, onların formalaşma prosesi barədə təqdimatla başlayıb. Təqdimat zamanı Azərbaycanda 9 Noyabr – Dövlət Bayrağı Gününün qeyd olunduğu diqqətə çatdırılıb. Bu əlamətdar günün tarixi və bayrağın xalqımız üçün mənəvi dəyəri haqqında məlumat verilib.
Proqram çərçivəsində intellektual yarış keçirilib. Qaliblər Azərbaycan Tələbə Assosiasiyasının hazırladığı xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Sonda tələbələr arasında ünsiyyət və tanışlıq üçün şərait yaradılıb. İştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi haqqında ətraflı məlumat əldə edib, milli mətbəximizin nümunələri ilə tanış olublar. Tədbirə qatılan bəzi tələbələr Azərbaycan paxlavasının dadına ilk dəfə baxdıqlarını bildiriblər.
Tədbir müxtəlif ölkələrdən olan tələbələr arasında mədəni dialoqun gücləndirilməsinə, türk xalqlarının ortaq irsinin tanıdılmasına və Azərbaycanın zəngin mədəniyyətinin universitet mühitində təbliğinə xidmət edib.
Foto qalereya
Digər xəbərlər
