Almaniyada görkəmli bəstəkar Arif Mirzəyevin xatirəsi anılıb
23 noyabr, 2026
Almaniyanın Ştutqart şəhərindəki Azərbaycan Evində görkəmli bəstəkar, Azərbaycanın Əməkdar artisti Arif Mirzəyevin vəfatı ilə əlaqədar anım mərasimi keçirilib.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin və Almaniyadakı Azərbaycan Mədəniyyət Təşkilatının rəhbəri Günay Mirzəyeva bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. O, uzun illər Almaniyanın Fulda şəhərində yaşayan Arif Mirzəyevin Vətəndən uzaqda olsa da, yaradıcılığında Azərbaycanın tarixi və mühüm hadisələrinə geniş yer ayırdığını, soydaşlarımızla əlaqələrini qoruyub saxladığını bildirib. Müasir Azərbaycan musiqisində dini-memorial, orqan və polifonik musiqinin banilərindən biri kimi tanınan bəstəkarın milli musiqi mədəniyyətinə mühüm töhfələr verdiyini, “Diaspor fəaliyyətində xidmətə görə” medalı və digər mükafatlarla təltif olunduğunu qeyd edib.
Məlumat üçün qeyd edək ki, Arif Mirzəyev 10 noyabr 2026-cı ildə Almaniyada vəfat edib, nəşi Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Azərbaycana gətirilib. Mərhum bəstəkar Azərbaycanın Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenlərinin laureatı, bəstəkar Musa Mirzəyevin qardaşıdır.
Foto qalereya
Digər xəbərlər
