ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin görüşü keçirilib
20 avqust, 2024Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Çikaqoda keçirilən görüş Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova Alyansın yaranma məqsədi, bu günədək görülən işlər barədə ətraflı məlumat verib, azərbaycanlı tələbələrin şəbəkələşməsi, Azərbaycan həqiqətlərini qərb cəmiyyətinə çatdırmaları, ABŞ-dəki dost icmaların üzvləri ilə əməkdaşlıq imkanları barədə danışıb, tələbələrin inkişafına kömək edəcək proqramların əlçatanlığına diqqət çəkib.
Görüş iştirakçılarına xaricdəki azərbaycanlı gənclərin vətənə bağlılığı və bu sahədə DİDK-nın həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib.
Çikaqo-Kent Hüquq Kollecinin Beynəlxalq Proqramlar üzrə rəhbəri Adam Veber təşkilata uğurlar arzu edib və ABŞ-dəki azərbaycanlı tələbələri hər zaman dəstəklədiyini ifadə edib.
Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təsisçilərindən olan Fərid Məmmədov tələbələrə tövsiyyələrini verib, Azərbaycanı tanıtmaları istiqamətində onlara daim dəstək olacaqlarını bildirib.
Toplantıda DİDK-nin və diasporun fəaliyyətilə bağlı müxtəlif videoçarxlar nümayiş olunub, irimiqyaslı layihələrdən danışılıb. Görüş soydaşlarımızı maraqlandıran sualların cavablandırılması, ABŞ-də azərbaycanlı tələbələrin daha yaxşı şəbəkələşməsinin perspektivləri və gələcək fəaliyyətə dair yeni təşəbbüslərlə bağlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.
Foto qalereya
Digər xəbərlər