Azərbaycanlı həkim Almaniyanın ən gənc yüksək ixtisaslaşmış neyroradioloqu olub

17 noyabr, 2022

Azərbaycanlı həkim Almaniyanın ən gənc yüksək ixtisaslaşmış neyroradioloqu olub

Almaniyada yaşayan azərbaycanlı həkim, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev “minimal-invaziv neyroradioloq mütəxəssis” diplomunu almaqla daha bir uğura nail olub.

Bu barədə məlumat verən Nuran Abdullayev bildirib ki, bu mühüm hadisə Almaniyanın İnvaziv Radiologiya və Minimal-İnvaziv Terapiya Cəmiyyəti, eləcə də Almaniyanın Neyroradiologiya və Rentgen cəmiyyətləri tərəfindən ayrı-ayrılıqda aparılan qiymətləndirmə və təsdiqetmə prosesindən sonra baş verib.

O qeyd edib ki, bu, Almaniyada invaziv neyroradiologiya sahəsində ən son dərəcəli – II kvalifikasiya səviyyəsidir. Bu kvalifikasiya səviyyəsinə yiyələnmək üçün Almaniyada cəmi 161 mərkəz var. Onlardan biri olan Köln Universitet Klinikasının neyroradiologiya departamenti ilk beşlikdə yer alır, Nordrayn-Vestfalen ərazisində isə ilk yeri tutur.

N.Abdullayev nəzərə çatdırıb ki, Almaniyada bu kvalifikasiya səviyyəsini qazanmış 300-ə yaxın yüksək ixtisaslaşmış neyroradioloq var. Bu həkimlər il ərzində Almaniyada baş verən 270 000 beyin insultu zamanı tələb olunan beyin əməliyyatlarına, eləcə də 83 milyonluq əhalinin 5 faizində rast gəlinən beyin anevrizmalarının neyroradioloji müalicəsinə cavabdehlik daşıyırlar.

Qeyd edək ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev həm də aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədridir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər