Azərbaycan Kolumbiya Universitetində təşkil olunmuş Beynəlxalq Ana Dili Günündə təmsil olunub
12 fevral, 2024ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur Kolumbiya Universitetində Beynəlxalq Təhsil Cəmiyyəti tərəfindən Beynəlxalq Ana Dili Gününə dair təşkil olunmuş tədbirdə ölkəmizi Azərbaycan-Amerika Gənclər Federasiyası təmsil edib.
Təşkilatın aktiv üzvləri - Harvard Universitetin məzunu İbrahim Məmmədov və Müqəddəs Frensis Universitetinin tələbəsi Vəli Vəlizadə tədbirdə “Şalaxo” milli Azərbaycan rəqsi ilə çıxış ediblər. Milli rəqs nömrəsindən öncə gənclər auditoriyanı Azərbaycan və Azərbaycan rəqsləri ilə tanış edib. Nəzərə çatdırıblar ki, “Odlar Yurdu” Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşən Qafqaz ölkəsidir. Səhnə fonunda tarixi İçərişəhər və müasir Alov Qüllələrinin sintezindən ibarət paytaxt Bakının şəkli əks olunub. Gənclər eyni zamanda Azərbaycanın ABŞ-dən bir il öncə qadınları səsvermə hüququ ilə təmin edən ölkə olduğunu xüsusilə vurğulayıblar. Bu fakt əcnəbi auditoriyanın marağına səbəb olub. Böyük coşqu ilə qarşılanan Azərbaycan rəqsi əcnəbi auditoriya tərəfindən rəğbətlə qarşılanıb, alqışlara və marağa səbəb olub.
Tədbir daxilində təşkil edilmiş “Ana Dilində Şeir” guşəsinə Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri, Kolumbiya Universitetinin tələbəsi Günay Məmmədova dahi Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən məşhur bir parçanı əlavə edib.
Tədbirdə həmçinin Azərbaycan-Amerika Gənclər Federasiyasının üzvü olan Azərbaycanlı tələbə və məzunlar, eləcə də digər xalqların tələbə nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Beynəlxalq Ana Dili Günü müxtəlif xalqların dillərini yaşatmaq, eyni zamanda multilinqvistika haqqında maarifləndirmə işi aparmaq məqsədilə UNESCO tərəfindən təsis edilib.
Foto qalereya
Digər xəbərlər