Azərbaycan diasporunun sədri Misir müftisi ilə görüşüb
6 dekabr, 2024“Misir - Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, tədqiqatçı alim Seymur Nəsirov Misirin baş müftisi professor Nəzir Əyyad ilə görüşüb.
Diaspor sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib. O, Misir tarixində əvəzsiz rol oynamış əslən azərbaycanlı olan tarixi şəxsiyyətlər və alimlər haqqında geniş məlumat verib.
Professor, şeyx Nəzir Əyyad öz növbəsində cari ilin noyabr ayında Bakıda keçirilmiş COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında baş tutan Dini Liderlərin Qlobal Sammitində Misirin böyük nümayəndə heyətinin iştirak etdiyini xatırladıb. Bunu ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndirib. O, Misir Fətva Evi ilə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında yüksək əlaqələrin olduğunu qeyd edib.
Qeyd edək ki, 22 ildir Misirdə fəaliyyət göstərən Seymur Nəsirov həmin ölkədə təhsil alan xarici tələbələrə rəhbərlik edir. Onun rəhbəri olduğu müəssisələrdə dünyanın 65 ölkəsindən iki minə yaxın tələbə təhsil alır. 25 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır. Qahirə Universitetində Azərbaycan dilini tədris edir və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədridir.
Foto qalereya
Digər xəbərlər